Nail İbrahimli
Nail Nəriman oğlu İbrahimli (4 mart 1994, Xaçmaz, Oğuz rayonu – 8 noyabr 2020, Şuşa) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.
Nail İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində pulemyotçu olaraq Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Xudafərin körpüsü istiqamətində gedən döyüşlərdə istifadə etdiyi taktikalarla fərqlənmişdir. Müharibədə tərəflərin vəziyyətinin dəyişilməsi, qarşı tərəfin demoralizə olmasında rolu pulemyotçu kimi daha çətin tapşırıqları yerinə yetirməsi, müxtəlif uğurlu taktikalardan istifadə etməsi, döyüş aktivliyini artırması və beləliklə, döyüşdə qələbəni asanlaşdırması, döyüşün sonunu tezləşdirməsi idi. O, 8 noyabr tarixində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur, həlak olması növbəti günlərdə təsdiqlənmiş və o, 12 noyabr tarixində Oğuz rayonunun Xaçmaz kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Nail İbrahimli 1994-cü il martın 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Onun ailədə Faiq adlı qardaşı olmuşdur. 2001–2011-ci illərdə V. İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Uşaq yaşlarından güləşlə məşğul olmuş, bir sıra turnirlərdə məktəbi təmsil etmişdir. Subay idi.